Trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub
04 Sentyabr, 16:21   |    Baxış sayı: 43

Trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub

Respublika Velotrekində trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub. Bu növ üzrə ilin əsas yarışında klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb.

Diasporpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə keçirilən yarışda 15 yaşadək velosipedçilər arasında 660 metr məsafəyə fərdi ötüşmədə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Radha Şabanova qızlar, Əlihüseyn Musazadə isə oğlanlar arasında bütün rəqiblərini qabaqlayıblar. On yeddi yaşadək velosipedçilərin 1 kilometr məsafəyə fərdi ötüşməsində oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Yusif İsmayılov, qızlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Viktoriya Sidorenko fəxri kürsün ən yüksək pilləsinə qalxıblar. V.Sidorenko, həmçinin skretç və çıxma yürüşündə də çempionluq sevinci yaşayıb.

Gənclər və U-23 yaş kateqoriyasında Respublika Olimpiya Velosiped Məktəbindən Nəcəf Bağırov 1 kilometr məsafəyə fərdi, keyrin və sprint yarışlarında hamıdan güclü olmaqla 3 qat çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında skretç və çıxma yürüşündə iki qızıl medala layiq görülüb.

On beş yaşadək oğlan velosipedçilərin skretç və cıxma yarışında Respublika Olimpiya Velosiped Məktəbindən müvafiq olaraq Hüseyn Nərimanov və Vüsal Kazımov digər rəqiblərini qabaqlayıblar. On yeddi yaşadək oğlanlar arasında çıxma yarışında isə "Neftçi İdman Klubu” İctimai Birliyindən Nofəl Nuriyev fərqlənib.

Respublika Olimpiya Velosiped Məktəbinin daha bir üzvü Fatimə Əfqanzadə 15 yaşlı qızların skretç və çıxma yarışının qalibi olub. On yeddi yaşadək oğlanların skretç mübarizəsində adı çəkilən məktəbin velosipedçisi Nikita Sıtov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qalib və mükafatçılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal və diplomla təltif ediliblər.

Ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.
 
Diasporpress.az