Səbaildə evdən oğurladığı pulla özünə avtomobil alan şəxs tutularaq istintaqa təqdim edilib
04 Sentyabr, 17:10   |    Baxış sayı: 37

Səbaildə evdən oğurladığı pulla özünə avtomobil alan şəxs tutularaq istintaqa təqdim edilib

Səbail rayonu Badamdar qəsəbəsində yaşayan M.Yüzbirovun evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Diasporpress.az-a bildiriblər ki, zərərçəkən bu barədə Səbail Rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 12500 ABŞ dolları pulun oğurlandığını deyib. Polislər tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq istintaq-əməliyyat tədbirlərinə başlanılıb.

Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Mübariz Zülfüqarov Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində tutularaq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Araşdırma zamanı müəyyən edilib ki, M.Zülfüqarov mənzildən oğurluq edəndən sonra həmin pulla özünə yeni avtomobil alıb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşları M.Zülfüqarovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Səbail Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
 
Diasporpress.az