Ürəyində əməliyyat aparılan İspaniya Kralı xəstəxanadan buraxılıb
31 Avqust, 22:25   |    Baxış sayı: 41

Ürəyində əməliyyat aparılan İspaniya Kralı xəstəxanadan buraxılıb

Ürəyində cərrahiyyə əməliyyatı aparılan İspaniya Kralı Xuan Karlos bu gün xəstəxanadan buraxılıb.

Diasporpress.az bu barədə ABC nəşrinə istinadla xəbər verir.

Hazırkı dövlət başçısı Kral VI Felipenin atası olan Xuan Karlos avqustun 24-də Madrid əyalətinin Posuelo-de-Alarkon şəhərindəki klinikada əməliyyat keçirib. Həkimlərin sözlərinə görə, hazırda 81 yaşlı kralın səhhəti sabitdir.

Bu ilin mayında Kral evi xəbər vermişdi ki, iyunun 2-də Xuan Karlos Kral ailəsinin üzvü kimi onun üzərinə qoyulmuş ictimai vəzifələri icra etməyi dayandıracaq. 2014-cü il iyunun 2-də taxt-tacdan oğlunun xeyrinə imtina edən Xuan Karlos bundan beş il sonra ictimai tədbirlərdə iştirak etməməyi qərara alıb. O, hazırda da Kral titulunu daşımaqda davam edir.

I Xuan Karlos İspaniyaya 39 il rəhbərlik edib. Diktator Fransisko Franko hələ 1969-cu ildə onu İspaniya taxtının varisi təyin etmişdi. Lakin o, kral taxtına yalnız Frankonun ölümündən sonra, 1975-ci ildə sahib ola bilmişdi.
 
Diasporpress.az