Ümid qəsəbəsində yeni yaşayış binaları məcburi köçkünlərin istifadəsinə verilib
29 Yanvar, 11:54   |    Baxış sayı: 217

Ümid qəsəbəsində yeni yaşayış binaları məcburi köçkünlərin istifadəsinə verilib

Bakı şəhərinin Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə inşa edilən 300 ailəlik yeni yaşayış binaları məcburi köçkünlərin istifadəsinə verilib.

Bu barədə Diasporpress.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Zəruri infrastrukturu olan yaşayış kompleksləri, qəsəbələr tikilib istifadəyə verilir, hər il minlərlə köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin edilir.

Dövlət Komitəsindən bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərində hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə birinci növbədə köçürülməsi məsələsini nəzarətdə saxlayır, bu barədə verilmiş tapşırıqlar davamlı şəkildə icra olunur. 

Məlumata görə, Ümid qəsəbəsinə tikilən yeni binalara ilk növbədə, həyat üçün təhlükəli şəraitdə, ağır vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb. Belə ki, Qaradağ rayonunun Puta qəsəbəsində 11 saylı yataqxanada, 59 saylı hamamın binasında, 1 saylı mədən evində, Sahil qəsəbəsindəki ATS binasında, hərbi şəhərcikdəki tikililərdə, Qobustan rayonundakı keşmiş avtobazanın inzabati binasında və qarajında, 8 saylı yol-istismar idarəsinin nzibati binasında və Ələt qəsəbəsindəki hərbi şəhərcikdə müvəqqəti məskunlaşmış 188 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Ümid qəsəbəsinə köçürülənlər, əsasən, Laçın, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl və Şuşadan olan məcburi köçkünlərdir. Yeni mənzillərə köçürülmə davam edir.

Xatırladaq ki, Umid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.