“Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri Azərbaycana səfər ediblər
05 Sentyabr, 15:49   |    Baxış sayı: 38

“Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinin qalibləri Azərbaycana səfər ediblər

2011-ci ildən başlayaraq Gənclər və İdman və Xarici İşlər nazirliklərinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq xarici ölkələrin gəncləri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqələri keçirilir.

Diasporpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən İnterpress.az-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən gənclər "Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri”, "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, "Azərbaycanın iqtisadi inkişafı”, "Azərbaycanın neft və qaz strategiyası”, "Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, "Azərbaycanın əhalisi, dili, adətləri və dini”, "Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, "Azərbaycan və digər ölkələr: tarixi əlaqələr” tematik mövzuları üzrə öz esse yazılarını təqdim ediblər.

Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyənləşdirmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.

Müsabiqənin yekunu olaraq ABŞ, Bolqarıstan, Efiopiya, Litva, Pakistan, Polşa, Serbiya, Uruqvay, Vyetnam və Yunanıstandan olan qaliblərin avqustun 25-dən sentyabrın 3-dək Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılıb. Bu il 10 ölkədən 50 əcnəbi gənc Azərbaycana səfər edib.

Səfər çərçivəsində qaliblər Gənclər və İdman Nazirliyində nazir müavini Fərhad Hacıyev tərəfindən qəbul edilib, müsabiqənin diplomları və hədiyyələri ilə mükafatlandırılıb.

Proqrama əsasən qaliblər ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji - Etnoqrafik Muzeyində, Qobustan Milli Tarix-Bədii Qoruğunda, Azərbaycan Xalça Muzeyində, İsmayıllının Lahıc kəndində, İsmayıllıda, Qəbələdə, Şəkidə və sair yerlərdə olaraq Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olublar.

Ümumilikdə 2011-2019-cu illərdə 44 ölkədə 60 müsabiqə keçirilib və bunların nəticəsində 540 nəfərin Azərbaycana səfəri təşkil olunub.
 
Diasporpress.az