Komitə nümayəndələri İnteqrasiya Mərkəzindəki tədris prosesi ilə tanış olublar
16 Oktyabr, 16:26   |    Baxış sayı: 61

Komitə nümayəndələri İnteqrasiya Mərkəzindəki tədris prosesi ilə tanış olublar

Gürcüstana səfər çərçivəsində Diasporla Iş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Marneuli rayonundakı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) olub.

Görüş zamanı İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva Dövlət Komitəsinin şöbə müdiri Anar Rəsulov, sektor müdiri Sahil Hacıyev və Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Rəhim Rəhimovun daxil olduğu nümayəndə heyətinə qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Buradakı tədris prosesi ilə yaxından tanış olan qonaqlar şagirdlərin fikirləri ilə də maraqlanıblar. Onlar gənclərə tövsiyələrini verib, dərslərində uğurlar arzulayıblar.

Qeyd edək ki, GAİM bu ilin aprel ayından Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli rayonunda fəaliyyət göstərməyə başlayıb. Açılış mərasimində Komitə sədri Fuad Muradov, Gürcüstanın Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili və digər rəsmi şəxslər iştirak ediblər. Mərkəzin açılmasında məqsəd Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi, yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasıdır. Burada Azərbaycan, gürcü ingilis dilləri, Azərbaycan və Gürcüstan tarixi tədris olunur, idman dərnəkləri fəaliyyət göstərir, intellektual oyunlar təşkil edilir.

Qeyd edək ki, Mərkəzin həyata keçirdiyi "Gənclər gələcəyimizdir - Təhsil millətin gələcəyidir" adlı layihəni Azərbaycan Diasporuna Dəstək Fondu maliyyələşdirir. Bu ilin avqust ayında İnteqrasiya Mərkəzinin 16 dinləyicisi "1+4” proqramı üzrə Gürcüstanın ali məktəblərinə qəbul olunub.