Kiber-fiziki sistemlərin elektron elm mühitinə inteqrasiyası tədqiq olunub
04 Sentyabr, 16:19   |    Baxış sayı: 142

Kiber-fiziki sistemlərin elektron elm mühitinə inteqrasiyası tədqiq olunub

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Şakir Mehdiyev və şöbə müdiri Təhmasib Fətəliyevin "Elektron elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyası: müasir vəziyyət, problemlər və effektiv həllər” məqaləsi nüfuzlu "International Journal of Modern Education and Computer Science” ("IJMECS)” jurnalında nəşr olunub.

Diasporpress.az xəbər verir ki, məqalə elektron elm mühitinə kiber-fiziki sistemlərin inteqrasiyasının tədqiqinə, mövcud problemlərin təhlilinə və əsas problemlərin effektiv həlli yollarına həsr edilib.

Elektron elm elmi verilənlərin toplanması, saxlanması, emalı və ötürülməsi ilə əlaqəli problemlərin həlli yollarını təmin edən internet texnologiyaları, əşyaların interneti, kiber-fiziki sistemlər də daxil olmaqla, informasiya texnologiyalarının innovativ potensialı ilə sıx bağlıdır. Kiber-fiziki sistemlərin bu mühitə inteqrasiyası elmi verilənlərin eksponensial artımı ilə müşayiət olunur ki, bu da öz növbəsində peşəkar idarəetmə nəticəsində yeni biliklərin əldə edilməsi və elmin yeni keyfiyyətdə inkişafı üçün geniş imkanlar açır.

Məqalədə bulud, duman, şeh və blokçeyn texnologiyalarından istifadə imkanları, həmçinin elmi verilənlərin paylanmış emalının texnoloji həlli təqdim edılib.

Qeyd edək ki, "IJMECS” jurnalı "Google Scholar”, "Microsoft Academic Search”, "CrossRef”, "Baidu Wenku”, "IndexCopernicus”, "IET Inspec”, "EBSCO”, "JournalSeek”, "ULRICH's Periodicals Directory”, "WordCat”, "Scirus”, "Academic Journals Database”, "Stanford University Libraries”, "Cornell University Library”, "UniSA Library”, "CNKI Scholar”, "ProQuest, "J-Gate”, "ZDB, "BASE”, "OhioLINK”, "iThenticate”, "Open Access Articles”, "Open Science Directory”, "National Science Library of Chinese Academy of Sciences”, "The HKU Scholars Hub” və başqa bu kimi nüfuzlu elmi bazalarda indeksləşir.
 
Diasporpress.az