İsrailli rəsmilər Diasporla İş üzrə Dövlət Komitəsində olub
05 Oktyabr, 14:59   |    Baxış sayı: 47

İsrailli rəsmilər Diasporla İş üzrə Dövlət Komitəsində olub

Diaporpress.az xəbər verir ki, Azərbaycanda səfərdə olan İsrail dövlətinin nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd olunub, Azərbaycandakı tolerant mühit haqqında danışılıb.
Dövlət Komitəsinin sədri Azərbaycan dövlətinin diaspor siyasəti barədə məlumat verib, son illər həyata keçirilən irihəcmli layihələr haqqında danışıb.
İsraillı qonaqlar bu ölkədəki "AZİZ” təşkilatının fəaliyyətini qeyd edib, eyni zamanda Azərbaycan dövlətinin diaspor siyasətini müsbət qiymətləndirdiklərini bildiriblər.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev daim Azərbaycan-İsrail münasibətlərinin inkişafına önəm verib və həmin siyasi xətti bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev uğurla davam etdirir.
AZİZ təşkilatının rəhbəri Lev Spivak onlara fəaliyyətlərində hər zaman dəstək olan Heydər Əliyev Fonduna və Fondun Prezidenti Mehriban xanım Əliyevaya minnətdar olduqlarını bildirib.
AZİZ təşkilatının rəhbəri Lev Spivak, Maalot-Tarşixa şəhərinin meri Arakadiy Pomeranets, Kiryat Ekron şəhərinin meri Xovav Tsabari və başqa qonaqlar çıxış edərək böyük qonaqpərvərliyə, isti münasibətə görə təşəkkür ediblər.
Nümayəndə heyətinə daxil olan bəzi dövlət rəsmiləri Azərbaycanda doğulub böyüdüklıərini bildirib, ölkəmizlə bağlı maraqlı xatirələrini yada salıblar.
Görüşdə dövlətlərimiz arasında ikitərəfli əlaqələrin inkişafı, diaspor siyasətinin müxtəlif aspektləri barədə geniş fikir mübadiləsi aparılıb, gələcəkdə ortaq layihələrin reallaşdırılması imkanlarından danışılıb.