İsraildə Holokost faciəsinə həsr edilmiş elmi konfrans olub
22 Noyabr, 16:06   |    Baxış sayı: 47

İsraildə Holokost faciəsinə həsr edilmiş elmi konfrans olub

Noyabrın 21-də İsrailin Tel-Əviv Universitetində "Holokost haqqında yaddaşın postsovet məkanında qorunub saxlanması” adlı elmi konfrans keçirilib.

Tədbir "Aziz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dəstəyi ilə gerçəkləşib. Konfransda universitetin professor-müəllim heyəti, eləcə də muxtəlif ölkələrdən dəvət olunmuş tədqiqatçılar iştirak ediblər. Onların arasında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Səlhət Abbasova da olub.

Soyqırımların cəmiyyətdə qarşısının alınması mövzusunda çıxış edən S.Abbasova öncə tədbir iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun müraciətini çatdırıb.

Komitə sədrinin müraciətində bildirilib ki: "Holokost" anlayışına ən müxtəlif tərif vermək olar: "Onların hər biri bunu hansısa cəhətdən səciyyələndirir. Amma necə adlandırsan da, mahiyyət dəyişməyəcək: holokost Yer kürəsində nə vaxtsa baş vermiş ən qəddar hadisələrdən biri kimi qalır. Lakin holokost təkcə bütün xalqı fiziki cəhətdən məhv etmək cəhdi deyil, həm də öz həyatını ölüm təhlükəsi qarşısında qoyaraq yəhudiləri nasistlərdən gizlədən insanların qəhrəmanlığı, qeyri-insani şəraitdə insanlığın qorunması haqqında əhvalat, baş verənləri sükut içində müşahidə etməyərək, onlara qarşı mübarizə aparmağa çağırışdır. Albert Eynşteynin dediyi kimi, "dünya burada yaşamaqdan ötrü çox təhlükəlidir və bu, şər törədənlərə görə yox, onların yanında durub heç bir tədbir görməyənlərə görə belədir". Məhz bu səbəbdən holokost indi də aktualdır”.

Qeyd edilib ki, holokost mövzusu təkcə yəhudi mövzusu deyil: "Bu – dünyəvi mövzudur. Bəşəriyyət bu hadisədən nəticə çıxarmalıdır ki, faciə heç vaxt bir daha təkrarlanmasın. Heç bir xalqın başına gəlməsin!".

Komitə sədri konfrans iştirakçılarına gələcək nəsillər naminə gördükləri şərəfli işdə uğurlar arzulayıb.
S.Abbasova isə öz çıxışına BMT-nin sabiq Baş katibi Kofi Annanın "Soyqırımının qarşısını almaqdan vacib məsələ ola bilməz. Bu, BMT-nin ilk növbəli hədəflərindəndir. Müharibənin bəşəriyyətə gətirdiyi sözlə deyilə bilməyən müsibət dəhşətli soyqırımla bağlıdır. Və bütün insanların dilindən yalnız bu sözlər səslənirdi – DAHA HEÇ ZAMAN!" fikri ilə davam edib.

O, xatırladıb ki, məhz II Dünya müharibəsinin faciələrinin dərki soyqırımın beynəlxalq hüquq normalarına, mənəviyyat və əxlaq prinsiplərinə zidd olan cinayət kimi tanınmasına gətirib çıxardı və alimlərin, o cümlədən hazırkı konfrans iştirakçılarının elmi əsərləri insanlığa qarşı çinayətlərin tarixdə təsadüfən baş vermədiyini təsdiqləyir: "...bildiyiniz kimi, Holokost müəyyən dövlətin faktiki qanuniləşdirilmiş siyasəti olub".

S.Abbasova deyib ki, Holokosta bənzər hadisələrdən yalnız onların fəsadlarını təfərrüatı ilə öyrənməklə qaçmaq olar: "Unutmamalıyıq ki, ötən əsrin 30-cu illərində hər şey sanki ziyansız populist şüarlardan başlanmışdı, amma bəşəriyyət tarixində ən böyük faciə ilə bitdi. Əgər bunun təkrarlanmasını istəmiriksə, nifrət və dözümsüzlüyün tərkibində olan ideyaların səslənməməsi üçün öz cavabdehliyimizi dərk etməliyik".

Komitə nümayəndəsi xatırladıb ki, Azərbaycan xalqı da yəhudi xalqı kimi XX əsrin ən dəhşətli cinayətlərindən birini yaşayıb və onu "Böyük Ermənistan" yaratmaq kimi şovinist siyasətin müəllifləri – erməni millətçiləri törədiblər: "Məhz beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin susması ona gətirib çıxardı ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhəri 26 fevral 1992-ci ildə hərbi təcavüzə məruz qaldı. Erməni silahlı dəstələri həmin gün xüsusi qəddarlıqla, işgəncə verməklə 631 nəfər dinc sakini öldürdülər, 421 nəfəri ağır yaraladılar. Mühasirədən çıxan dinc sakinlər meşələrdə erməni hərbçilərinin qurduqları pusqulara düşüb qətlə yetirildilər. Vəhşiləşmiş cəlladlar insanların baş dərisini soyur, onların müxtəlif bədən əzalarını kəsir, körpələrin gözlərini çıxarır, hamilə gadınların qarnını yırtır, camaatı od vurub yandırır, diri-diri torpağa basdırırdılar. Həmin hadisələri xatırlayarkən, İrəvanda qəddar faşist cəlladı, hitlerçilərə Qaregin Njde təxəllüsü ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana niyə abidə qoyulduğunu başa düşürsən".

Komitə nümayəndəsi siyasətçiləri, ictimai xadimləri, dini liderləri, qeyri-hökumət təşkilatlarını, kütləvi informasiya vasitələrini faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizədə səylərini birləşdirməyə çağırıb.

Sonda Dövlət Komitəsinin adından təşkilatçılara Xocalı soyqırımından və Qobustandan bəhs edən kitablar hədiyyə olunub.