İqtisadiyyatımızın inkişafında aqrar sahənin də xüsusi payı var - İqtisadçı ekspert
01 Avqust, 15:49   |    Baxış sayı: 159

İqtisadiyyatımızın inkişafında aqrar sahənin də xüsusi payı var - İqtisadçı ekspert

"İndi aqrar sektor, kənd təsərrüfatında bacarıqlı kadrların çalışması da, müsbət nəticələrin əldə edilməsinə yol açır".
 
Diasporpress.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Elvin Babayev bildirib. Onun ölkədə kənd təsərrüfatın inkişafına dair fikirlərini təqdim edirik.

Azərbaycanda sosial sahənin inkişaf etdirilməsi, əhalinin sosial durumunun yaxşılaşdırılması, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi hər zaman prioritet olub və hazırda da proseslər eyni tendensiya ilə davam edir. Keçən ilin ortalarından başlayaraq həyata keçirilən ciddi sosial islahatların cari ildə də davam etməsi, həmin islahatların həyatımızın bütün parametrlərini əhatə etməsi ilk növbədə Azərbaycan vətəndaşının, insanın rahat yaşaması, sosial müdafiəsinin gücləndirilmıəsinə xidmət edir. Burada diqqət çəkən başlıca məqam ondan ibarətdir ki, ölkədə həyata keçirilən sosial islahatlar, siyasət heç də görüntü xarakteri daşıyıb bəlli bir müddət üçün nəzərdə tutulmur. Bu sahədə görülən işlər, həyata keçirilən islahatlar sistemli və davamlı xarakter daşıyır, daha ciddi nəticələrə nail olmağı hədəfləyir. Bir sözlə ortada siyasi iradə və həmin siyasi iradəyə söykənən konkret fəaliyyət var. Elə ötən gün prezident İlham Əliyevin sədriliyi ilə sosial-iqtisadi sahəyə həsr olunmuş müşavirə də həmin fəaliyyətin, islahatların tərkib hissəsi, əyani sübutu idi. Eyni zamanda bu vaxta qədər görülən işlərin dəyərləndirilməsi, onlara nəzər yetirilməsi idi. Dövlət başçısının, eləcə də ayrı-ayrı nazirlərinin müşavirədəki çıxışından bir daha aydın oldu ki, sosial sahədə həyata keçirilən tədbirlər, islahatlar öz müsbət nəticəsini verir. Prezident çıxışı zamanı bildirib ki,  iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Dövlət başçısı  kənd təsərrüfatında da rekord göstərici əldə edildiyini diqqətə çatdırıb: "Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artıb. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək".

Nəhayət, dövlət başçısının müşavirədə diqqət çəkdiyi digər mühüm məsələ də ölkədə həyata keçirilən sosial islahatlarla bağlı idi: "Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılıb - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artıb, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır".

Prezidentin sədriliyi ilə keçirilən müşavirəyə diqqət çəkən iqtisadçı ekspert Elvin Babayev ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlər və əldə olunan nəticələrə toxunub. Bildirib ki, ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət və neft gəlirlərindən səmərəli istifadə Azərbaycanda qeyri-neft sektorunun inkişafına əsaslı dərəcədə təsir göstərib: "Təkcə paytaxtda deyil, eləcə də bölgələrdə açılan yeni emal və istehsal müəssisələri bunun əyani sübutudur. Bu bir tərəfdən ölkədə qeyri-neft sektorunun inkişafına təkan verirsə, digər tərəfdən əhalinin sosial rifah halının daha da yaxşılaşmasına, yeni iş yerlərinin açılmasına imkan yaradır. Başqa bir önəmli məsələ isə ondan ibarətdir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkəmizin ixrac potensialını da artırır. Respublikamızda istehsal olunan məhsulların dünya bazarlarına çıxması, onların alıcılarının çoxalması belə deməyə əsas verir. Bu gün Azərbaycan şərabları ilə yanaşı, "Badamlı" kimi mineral sularına da dünya bazarlarında, ayrı-ayrı ölkələrdə tələbat artır ki, bu da həm bizim yerli məhsullarımızın dünyada tanıdılması, onun bazarının formalaşmasına,  həm də ölkəyə xarici valyuitanın gətirilməsinə təsir göstərir".

Elvin Babayev qeyri-neft sektorunda mühüm istiqamətlərdən biri olan aqrar sektor, kənd təsərrüfatının da inkişafına diqqət çəkib. Bildirib ki, son illərdə bu sahədə qeydə alınan müsbət dinamika kənd təsərrüfatında uğurlu nəticələrin əldə edilməsini şərtləndirib. İqtisadçı ekspert onu da qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq indi aqrar sektor, kənd təsərrüfatında bacarıqlı kadrların çalışması da, müsbət nəticələrin əldə edilməsinə yol açır: "Elə Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı son statistik göstəricilərdən də bunu aydın görmək mümkündür. Nazirliyin açıqladığı statistikadan aydın olur ki, Bu ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bu artım kənd təsərrüfatına aid olan bütün seqmentlərdə özünü göstərib. Belə ki, bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) qeydə alınıb.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub". Elvin Babayevin sözlərinə görə, kənd təsərrüfatında qeydə alınan artım bir tərəfdən bu sahəyə göstərilən diqqət və qayğı ilə əlaqədardırsa, digər tərəfdən fermerlərin aidiyyati qurumlara, Kənd Təsərrüfatı Nazirliyinə asanlıqla yol tapa bilməsi, bu nazirliyin ələ çatımlı olmasıdır: "Əslində fermerin nazirliyə üz tutmasına artıq heç bir ehtiyac da qalmayıb. Çünki nazirlik özü, eləcə də şəxsən nazir İnam Kərimov fermerin, kəndçinin, sadə insanların yanındadır". Elvin Babayev onu da deyib ki, son vaxtar Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində qeydə alınan yeniliklər, regionlarda fermerlər, bu sahə ilə məşğul olan şəxslərə istiqamətlənmiş fəaliyyətlər ümumilikdə kənd təsərrüfatının inkişafına müsbət təsir edən amillərdəndir".

Diasporpress.az