Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr, 15:15   |    Baxış sayı: 103

Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb

Diasporpress.az xəbər verir ki, Çinin paytaxtında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb.

Forum dünyanın 69 ölkəsindən 500-ə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika gənclər festivalı çərçivəsində həyata keçirilir. Tədbirdə tarixi İpək yolunun əhatə etdiyi ölkələrdən gənc sahibkarlar, inkubator yaradıcıları, startapçılar və dövlət qurumları nümayəndələri iştirak edirlər. Layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar təklif etməkdir.

Açılış mərasimində çıxış edən Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin rəhbəri Xı Cunkı bildirib ki, Asiya-Afrika Gənc Sahibkarlar Forumu sülh və inkişaf üçün mühüm rol oynayır. Bu layihə gənclər üçün əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır.

"Ümid edirəm ki, bu layihə həm Asiya, həm də Afrika ölkələrinin gəncləri üçün maraqlı və vacib layihəyə çevriləcək. Bizim üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri xüsusi önəm daşıyır və bu layihənin həmin məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini düşünürük”, – deyən Xı Cunkı əlavə edib ki, iqtisadiyyat və sənaye bizim üçün xüsusi önəm daşıyır və bu mənada gəncləri dəstəkləmək vacibdir.

"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Aytən Əliyeva Azərbaycan dövlətinin gənclər siyasətindən, ölkəmizdə gənclərə olan qayğıdan danışıb. Azərbaycanın İpək yolu üzərində vacib tərəfdaş olduğunu bildirən Aytən Əliyeva forumun region ölkələrindən olan gənclər üçün önəmini qeyd edib.

İttifaqın sədri dayanıqlı inkişafın və iqtisadiyyatın bütün dünya dövlətləri üçün vacib məsələ olduğunu vurğulayaraq, müxtəlif xarakterli münaqişələrin, qarşıdurmaların inkişaf proseslərinə mənfi təsir göstərdiyini deyib. "Təəssüflə qeyd etməliyəm ki, mənim ölkəm də uzunmüddətli münaqişədən əziyyət çəkənlər sırasındadır. Düşünürəm ki, gəncləri sahibkarlıq, mədəniyyət, idman və digər fəaliyyətlərə cəlb etmək dünyada və regionda sülh, sabitlik və inkişaf üçün zəmin yaramaq olar”, – deyə Aytən Əliyeva bildirib.

Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə çinli tərəfdaşları təbrik edən Aytən Əliyeva layihənin reallaşmasına verdiyi böyük dəstək üçün Azərbaycan və Çin dövlətlərinə təşəkkürünü bildirib.

Tədbir "Asiya-Afrika gənc sahibkarları üçün yeni imkanlar və təcrübələr”, "Sahibkarlığın təbliği üçün tərəfdaşlığı gücləndirmək”, "İpək yolu regionunda gənc sahibkarlığın inkişafı: təşəbbüslər və layihələr” mövzuları üzrə panel müzakirələri ilə davam edib.

Festival çərçivəsində Çinin Xarici İşlər Nazirliyi, Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsi, Pekin Universiteti, Pekin Beynəlxalq Gənclər Universiteti, Çin Gənclərinin İnkişaf Fondu, Pekin Könüllük Xidməti Mərkəzi, Pekin Gənclər Mərkəzi, müxtəlif qlobal şirkətlər və sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsultasiya mərkəzlərində görüşlər keçirilməsi də nəzərdə tutulub.

Forumun hər il keçirilməsi və gənc sahibkarlar şəbəkəsinin yaradılması əsas hədəflərdəndir.