İlham Əliyevdən milyonları SEVİNDİRƏN ADDIM
02 Sentyabr, 16:08   |    Baxış sayı: 117

İlham Əliyevdən milyonları SEVİNDİRƏN ADDIM

Prezident İlham Əliyevin iyunun 18-də əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncamlar sentyabrın 1-dən etibarən qüvvəyə mindi. 

Diasporpress.az xəbər verir ki, 2 milyondan çox insan oktyabrın 1-də əmək haqlarını 40 faiz artımla alacaq. Bu, sosial sahədə inqilab hesab olunan addımdır. Çünki ölkədə bütün sferalarda çalışan insanların sosial rifahına birbaşa təsir edir.

Minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı, dövlət qulluqçularının aylıq vəzifə maaşları 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqları 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşları orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırıldı.

Bura müəllimlər, dövlət qulluqçuları, hərbi qulluqçular, hüquq-mühafizə orqanı əməkdaşları və digər xüsusi rütbəli şəxslər, o cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.

Bütün bunlar Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev hələ 2013-cü ildə Azərbaycanın sosial dövlət olduğunu elan etmişdi. Ölkədə həyata keçirilən sosialyönümlü layihələr, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində atılan addımlar dövlət başçısının sosial prioritetlərinin əyani şəkildə həyata keçirildiyini təsdiqləyir. Təkcə 2019-cu ilin əvvəlindən başlayaraq, həyata keçirilən işlər etibarən atılan addımlara nəzər salsaq, həyata keçilən dövlət siyasətinin mərkəzində vətəndaşın dayandığını görə bilərik.

İlin əvvəlində 12 min 200-dən çox şəhid ailəsinə 11 min manat ödəniş edildi, şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər, Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinətlər 220 manatdan 300 manata qədər artırıldı, çoxmənzilli binaların sənədləşdirilməsi probleminin həllinə start verildi, tələbələrin təqaüdləri 14-25 faiz həcmində artırıldı, o cümlədən, problemli kreditlər məsələsi xalqın maraqlarına uyğun həll edildi.

Dövlət başçısının müvafiq sərəncamları ilə ilin əvvəlində minimum əmək haqları 38 faiz artırıldı və 180 manat həcmində müəyyənləşdi, minimum əmək pensiyaları isə 38 faiz artırıldı və 160 manata qaldırıldı. Bu, sosial islahatların ilkin mərhələsi idi. İkinci mərhələsində isə minimum əmək haqları 40 faiz artırılaraq, 250 manata, minimum əmək pensiyaları isə 40 faiz artırılaraq, 200 manata çatdırıldı. Həmçinin, milyonlarla insanın əmək haqları 40-50 faiz civarında artırıldı. Həyata keçirilən sosial islahatlar özəl sektorda çalışan vətəndaşların da əmək haqlarına birbaşa təsir edir. Belə ki, minimum əmək haqqının 40 faiz artırılması özəl sektorda çalışan 350 min vətəndaşın maaşlarının artması ilə nəticələndi.

Prezident İlham Əliyev ilin əvvəlində bəyan etmişdi ki, "sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq”. Və sentyabrın ilk günündən qüvvəyə minən sərəncamlar dövlət başçısının xalqa verdiyi vədləri qısa müddətdə yerinə yetirdiyini təsdiqlədi.

Sərəncamların qüvvəyə minməsi xalqın sosial həyatında əhəmiyyətli yüksəlişə səbəb olacaq: əhalinin gəlirləri artacaq, vətəndaşları həm gündəlik tələbatlarını qarşılayacaq, həm də əlavə yığım imkanı əldə edəcəklər; əhalinin alıcılıq qabiliyyətinin artması özəl sektorun inkişafına, dolayısı ilə özəl sektorda çalışan insanların əmək haqlarına təsir edəcək. Hərçənd, dövlət başçısının ilin əvvəlində qeyd etdiyi kimi, xalqın sosial rifahının daha da yaxşılaşması istiqamətində addımlar davam edəcək.

Bu, sosial inqilabın ikinci mərhələsidir. Dövlət başçısı birinci və ikinci mərhələdə inqilabi addımlar atdı və əhali bu addımların bəhrəsini cəmi bir ay sonra – oktyabrın 1-də görəcəklər. (publika.az)
 
Diasporpress.az