Fuad Muradov Gürcüstanda Azərbaycan icmasını narahat edən məsələlərlə tanış olub
04 Aprel, 13:38   |    Baxış sayı: 127

Fuad Muradov Gürcüstanda Azərbaycan icmasını narahat edən məsələlərlə tanış olub

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Saqareco rayonuna baş çəkib.

DiasporPress.az xəbər verir ki, Dövlət Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti və Kaxeti bölgəsinin rəhbər şəxsləri əvvəlcə Qaraçöp kəndində 20 Yanvar və 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Daha sonra F.Muradov Yormuğanlı kəndində Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirib.

Dövlət Komitəsinin sədri çıxışında Azərbaycanda Aprel döyüşlərinin üçüncü ildönümünün tamam olduğunu vurğulayıb. Görüşdə Aprel şəhidləri və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş insanların ruhları bir dəqiqəlik sükutla yad edilib.

F.Muradov bildirib ki, Azərbaycan dövləti Gürcüstan azərbaycanlılarının inteqrasiyasına dəstəyini davam etdirir: "Ötən gün Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi açılıb. Mərkəzdə hazırda 9 istiqamət üzrə kurslar keçirilir. Gələcəkdə istiqamətlərin artırılması planlaşdırılır”.

Tədbirdə Yormuğanlı kəndinin ziyalıları təhsil, sosial, mədəniyyət və digər sahələrdə Azərbaycan icmasını narahat edən məsələləri diqqətə çatdırıblar.

Dövlət Komitəsinin sədri səsləndirilən məsələlərə münasibət bildirərək onların həlli istiqamətində müvafiq dəstəyin göstəriləcəyini qeyd edib.

Görüşdə Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili, Saqareco rayonunun icra başçısı Giorgi Erbotsonaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər də iştirak ediblər.

F.Muradovun Saqareco bölgəsinə səfəri davam edir. O, Laqodexi rayonunun Qabal kəndində yerli azərbaycanlılarla görüşəcək və onları narahat edən məsələlərlə tanış olacaq.