Ermənipərəst deputat boşboğazlığına görə yazılı izahat verdi
25 Yanvar, 16:06   |    Baxış sayı: 196

Ermənipərəst deputat boşboğazlığına görə yazılı izahat verdi

Rusiya Dövlət Duması Azərbaycan əleyhinə bəyanatlar səsləndirən ermənipərəst Konstantin Zatulindən izahat tələb etdi.

 
 

Diasporpress.az Yenicag.az-a istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının mandat və deputat etikası məsələləri üzrə Komissiyası "Vahid Rusiya” fraksiyasının deputatı, Dumanın MDB, Avrasiya İnteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini Konstantin Zatulindən Azərbaycan prezidenti İlham Əliyevin ünvanına səsləndirdiyi bəyanatla bağlı izahat tələb edib.

Buna səbəb Rusiya Dövlət Dumasına Azərbaycan vətəndaşı Rəhimov Tarif Sultan oğlu tərəfindən Dumanın sədri Vyeçeslav Volodinin ünvanına müraciətin daxil olmasıdır.

Həmyerlimiz öz müraciətində Duma sədrindən Azərbaycan prezidentinin ünvanına qeyri-etik ifadələr səsləndirən deputat Konstantin Zatulinin cəzalandırılmasını xahiş edib:

"Dövlət başçısına qarşı hörmətsizlik cəzasız qalmamalıdır. Belə ki, bu, digər "siyasi xadimlər” tərəfindən oxşar addımların atılmasına gətirib çıxara bilər. Biz, Azərbaycan vətəndaşları digər ölkələrin dövlət başçılarına hörmətlə yanaşırıq. Vladimir Putinə isə xüsusi hörmət bəsləyirik. Lakin bizim heç bir siyasətçimiz və ya jurnalistimiz Vladimir Putin haqqında dar düşüncəli siyasətçi kimi fikirlər işlətmir.

Biz, azərbaycanlılar ona Rusiya Federasiyasının lideri kimi hörmət edirik. Zatulinin fikirləri təkcə Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinə pis təsir göstərmir, həm də xalqlarımızın dostluğunun təməlinə kökündən zərər vurur. Prezident-Dövlət başçısı xalqımızın şəxsiyyəti, şərəfi və ləyaqətidir.

Əziz Vyaçeslav Viktoroviç, əminəm ki, deputat Zatulin intizam cəzasını alacaq və bu, gələcəkdə belə halların təkrarlanmaması üçün yaxşı nümunə olacaq”.

Azərbaycan vətəndaşının müraciətinə baxılması Duma rəhbərliyi tərəfindən parlamentin mandat və deputat etikası məsələləri üzrə Komissiyasına həvalə olunub.

Komissiyanın rəhbəri Otari Arşbe məlum məsələ ilə bağlı Konstantin Zatulindən yazılı izahat tələb edib. Ermənipərəst Zatulin adıçəkilən Komissiyanın rəhbərinə yazılı izahatında məlum bəyanatı hər şeydən əvvəl "erməni ictimaiyyətini sakitləşdirmək üçün” səsləndirdiyini etiraf edib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında İrəvan, Zəngəzur və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalı olduğunu söyləyib.

Prezident bunun Azərbaycanın siyasi və strateji məqsədi olduğunu və bu məqsədə mərhələli şəkildə yaxınlaşmalı olduğumuzu bəyan edib. Ermənipərəst Zatulin isə 2018-ci ilin martın 26-da Ermənistanda yerli mediaya verdiyi açıqlamasında Azərbaycan prezidentinin məlum fikirlərinə münasibət bildirərkən, öz səviyyəsinə uyğun ifadələrdən istifadə edib.