“Əlvida” yox, “Görüşənədək Bakı”: Və ya rusiyalı jurnalist niyə hamını Bakıya səslədi?
31 May, 14:11   |    Baxış sayı: 122

“Əlvida” yox, “Görüşənədək Bakı”: Və ya rusiyalı jurnalist niyə hamını Bakıya səslədi?

Bir milyard insanın seyr etdiyi Bakı finalı arxada qaldı. Gələn il Bakı Avroliqa finalından da möhtəşəm yarışmaya ev sahibliyi edəcək. Futbol üzrə Avropa çempionatının 3 qrup mərhələsi və bir ¼ oyunu bax,  o bir milyard insanın seyr etdiyi Bakı Olimpiya Stadionunda keçiriləcək. Amma bu dəfə tamaşaçıların sayı bir milyard yox, qat-qat çox olacaq. Elə turistlərin də…

 

Açığı, mən çox arzulayardım ki, həmin qrup və ya ¼ oyunun iştirakçılarından biri İngiltərə yığması olsun. O yığmanın tərkibindəki "topçular”dan, "zadəganlar”dan olan futbolçular olsun. Və mən ona da inanıram ki, yolun uzaqlığı, infrastruktur, otellərin bahalığı və ən əsası təhlükəsizlik kimi bəhanələri əldə bayraq tutub Bakıya gəlmək istəməyən ingilisləri... elə finala baxıb Bakıdan Londona qayıdan o ingilislər başa salacaq: "nahaq gəlmədiz”, "gözəl və təhlükəsiz şəhərdir”, "tolerant bir paytaxtdır”, "mehriban, qonaqpərvər insanları var”. Dava? Hə, yüngülvarı bir dava oldu, onu da özümüz saldıq. 

 

Razılaşın ki, final elə yüksək səviyyədə təşkil olunmuşdu ki, antiazərbaycan meylli Qərb, xüsusən də Britaniya mətbuatına min hoqqan çıxmaq üçün elə bir əsas vermədik. Bakı finalı sözün həqiqi mənasında çoxunu mat qoydu. Və yaxşı mənada. Ən mat halda qalan isə "Arsenal” oldu. Yəqin "topçular” Azərbaycana qarşı başlanmış "qara piar”ın bir oyuncağı olduğunu anlayıblar artıq. Mxitiryanı ermənilər qızışdırdılar, Azərbaycana qarşı hürdürdülər, klub da ona qoşuldu. İndi nə cür səhv etdiklərini anladılar. 1-4-ü boş verin, "Arsenal” hələ tarixində bu cür acınacaqlı uduzmayıb. 

Hə, biz bir daha sübut etdik ki, iri miqyaslı beynəlxalq yarışları keçirməyə tam hazırıq. Bu, sanki adiləşib bizim üçün. Finalı uğurlu keçirməklə, Avropa səviyyəli futbol matçlarının təşkilində xeyli inkişaf gördük. "Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunlarında baş verən nöqsanlar faktiki olaraq tam aradan qaldırılmışdı. Həmin oyunlardan sonra stadion və onun ətrafında infrastruktur da xeyli inkişaf etdirilib. Qeyd etdiyimiz kimi gələn il həmin stadionda UEFA -2020 Avropa Çempionatının 3-cü qrup mərhələsi və 1/4 final mərhələsi oynanılacaq. Və bu gün ermənipərəst qüvvələri qıcıqlandıran bir məqam da bilirsinizmi nədir? Ermənistanda belə bir stadion yoxdur və heç vaxt da olmayacaq. 

Bakı finalının təşkilatçılığı düşmənlərimizin bütün gözləntilərini məhv etdi. Təhlükəsizlik, otel çatışmayacaq, insident yaşanacaq kimi iddialar sabun köpüyü kimi boş çıxdı. Əslində, bu məqamlar necə deyirlər, gözlərimiz önündə baş verənlərdi. Amma bizlərin görmədiyi bir məqam da var axı. Bədxahlarmız aləmə car çəkirdilər ki, Heydər Əliyev adına Hava Limanı bu qədər turisti, təyyarəni qəbul edə bilməyəcək. İndi bu fakta fikir verin, Heydər Əliyev Beynəlxalq Aereportu may ayının 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysləri, 10-u isə "FlyDubai”, "AirArabia”, "SCAT”, "IsrAir”, "Jazeera” və s. kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb. Azərbaycanın əsas Hava Limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib. Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə Hava Limanının infrastrukturunda yüklənmənin pik vaxtı isə dünən baş verdi. Mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirildi. Reyslərin çoxu London-Bakı-London marşrutu üzrə həyata keçirilib. Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl xidmət keyfiyyətini təmin etmiş, aeroportun bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.



Yadınızdadır, "Bakıda final oyunu keçirmək çox məzəlidir” deyirdi özünü gülüş hədəfinə çevrilən "Liverpul”un baş məşqçisi Yurgen Klopp. Tarixin ironiyasına baxın, Madridə Çempionlar Liqasının finalına yollanan Kloppun baş məşqçisi olduğu "Liverpul”un avtobusu dünən məşq etdikləri stadionun girişində ilişib qalmışdı. Kloppun cavabını isə dünən rusiyalı jurnalist, "Moskovski komsomolets” qəzetinin müxbiri Aleksey Lebedev yaxşı verib. Qəzetin müxbiri yazır: "Klopp mənim hazırda ən çox dəyər verdiyim məşqçi olsa da, deməliyəm ki, o bu fikrində haqlı deyil. Birincisi, Çempionlar Liqasının Kiyevdə keçirilən final oyununu xatırlayaraq deyir ki, bu çox pis ənənədir və Avropanın bu hissəsindən komandalar "istənilən halda ora gedib çıxmayacaq”. Əgər bu alman mənşəli şəxs keçmiş Sovetlər İttifaqını nəzərdə tutursa - əsas turnirdə olmasa da, Rusiya və Ukrayna komandaları XXI əsrdə həlledici matçda oynayıblar. Hətta qənimət də götürüblər – Moskvanın MOİK-i də, Piterin "Zenit”i də, Donetskin "Şaxtyor”u da. Siz deyin, bu çoxdanmı baş verib? Bu ki əladır və Klopp burda ikiqat haqsızdır. Çünki neytrallıq prinsipi əsasdır. Görəsən, şənbə günü Madriddə Çempionlar Liqasının finalında "Liverpul” "Atletik” və ya "Real”la üz-üzə gəlsəydi o nə deyəcəkdi? Əslində mən yaxınlarda Bakıda olmuş bir insan kimi sizi əmin edə bilərəm: bu, dünyanın ən təhlükəsiz, ən qonaqpərvər və gözəl mətbəxi olan şəhərlərindən biridir. Heç bir İslam fanatizmi yoxdur, azı Rusiyada olduğu qədər sizə içki süzəcəklər. Buna görə də hələlik şübhə içində olan britaniyalılara (elə öz həmvətənlərimizə də) tövsiyə edərdim: bütün iş-gücünüzü atıb Bakıya gedin”.

 

Və bunu təkcə cənab Lebedev demir. Bakıdan xoş və əvəzedilməz hislərlə ayrılan hər kəs bu fikirdədir. Gələn il isə Bakı daha möhtəşəm yarışmaya ev sahibliyi edəcək. Elə burdan gedən azarkeşlər, turistlər də "əlvida Bakı” deməyiblər. "Görüşənədək” deyiblər. 


Səbuhi Məmmədli