Əflatun Amaşov Gürcüstan-Azərbaycan Dostluq Qrupunun rəhbərinə müraciət edib
25 Yanvar, 13:39   |    Baxış sayı: 229

Əflatun Amaşov Gürcüstan-Azərbaycan Dostluq Qrupunun rəhbərinə müraciət edib

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Gürcüstan parlamentinin Azərbaycan Milli Məclisi ilə Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquriyə məktub göndərib. 

Milli Məclisin mətbuat xidmətindən Diasporpress.az-a verilən məlumata görə, işçi qrupun üzvləri adından göndərilən məktubda deyilir:  

"Gürcüstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər zaman özünün nümunəviliyi ilə diqqət çəkib. Sevindirici haldır ki, müasir dövrdə bu münasibətlər strateji tərəfdaşlığa əsaslanaraq yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə də böyük məsuliyyət düşür və hər iki ölkənin ali qanunverici orqanlarının tarixi dostluğumuzun dərinləşməsi istiqamətdəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Parlamentlərimiz səviyyəsindəki qarşılıqlı işbirliyi hər iki xalqın ortaq maraq və mənafelərinin qorunmasına yönələn müstəsna təminatdır. Bu təminat zaman-zaman yaşanmış anlaşılmazlıqların və incikliklərin tez bir zamanda aradan qaldırılmasında da mühüm mənəvi dividentdir.

Məlum olduğu kimi, 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyanın büstü qoyulub. Bu hadisə ölkəmizin ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. M.Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir.

Müasir dövrdə xalqlarımızı birləşdirən ağrı və acılar eynidir. Buna görə Azərbaycan dövləti hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstəyi özünün regional xarici siyasətinin başlıca prioriteti hesab etməkdədir. Azərbaycan üçün Gürcüstan həm də soydaşlarımızın kompakt məskunlaşdıqları, dost gürcü xalqı ilə mədəniyyət və məişəti, dövlətçilik ənənələrini birgə bölüşdükləri və yaşatdıqları Vətəndir.

Hörmətli cənab Z.Dzidziquri, biz - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu müraciətimizlə Gürcüstan-Azərbaycan Dostluq

Qrupunun üzvlərini xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırırıq. Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk.

İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcəkdir. Məsələyə həssas yanaşacağınıza əminliyimizi ifadə edir, hər birinizə uğurlar arzulayırıq".