Dövlət Komitəsində düşərgə iştirakçıları ilə görüş keçirilib
18 İyul, 19:25   |    Baxış sayı: 53

Dövlət Komitəsində düşərgə iştirakçıları ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov "Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçılarının bir qrupu ilə görüş keçirib. Dövlət Komitəsinin sədri gənclərə düşərgədə fəal iştirakına görə Təşkilat komitəsi adından təşəkkür edərək layihə ilə bağlı onların təəssüratlarını, irad və təkliflərini dinləyib.

Diasporpress.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlı gənclərlə ünsiyyət imkanı yaratdığı üçün Təşkilat komitəsinə minnətdarlığını bildirən gənclər düşərgənin işində qarşılaşdıqları çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması üçün təkliflərini verib və yaşadıqları ölkələrdə Azərbaycanın təbliğinə dair layihələrlə bağlı fikirlərini bölüşüblər.

Çin, Rusiya, Avstriya, Kanada, Çili, Fransa, Almaniya və digər ölkələrdən gəlmiş gənclər Azərbaycanın xarici siyasəti, prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri, xarici mediaya çıxış, mədəniyyətlərarası dialoq və müxtəlif ölkələrdə erməni təxribatı ilə mübarizə metodlarına, sosial şəbəkələrdə fəaliyyətin gücləndirilməsinə dair daha çox müzakirələrin təşkil olunmasını təklif ediblər.

Çıxışlardan sonra Dövlət Komitəsinin sədri gənclərin suallarını cavablandırıb, onların fikirlərinə münasibətini bildirib. Diaspor Gənclərinin I Yay Düşərgəsindən sonra gənclərin təkliflərinin nəzərə alınaraq onların ünsiyyəti üçün daha çox asudə vaxt ayrıldığını və builki düşərgə iştirakçılarının da heç bir təklifinin diqqətdən kənarda qalmayacağını vurğulayıb. DİDK sədri gənclərin bu ünsiyyətinin davamlı olmasını, müzakirə edilən məsələlərin diqqətdə saxlanılmasını tövsiyə edib, onları sosial şəbəkələrdə Azərbaycanın tanıdılması və dövlətçiliyimizin qorunmasında fəal olmağa çağırıb.

Qeyd edək ki, "Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə iyulun 8-dən 14-dək Şamaxı rayonunda təşkil olunub. Düşərgədə 50-dən çox ölkədən 100 nəfərdən artıq nümayəndə iştirak edib.
 
Diasporpress.az