Bu il Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı on gün davam edəcək
02 Sentyabr, 10:36   |    Baxış sayı: 38

Bu il Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı on gün davam edəcək

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi sentyabrın 18-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Mədəniyyət Nazirliyindən Diasporpress.az-a bildirilib ki, açılış mərasimində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın məşhur violin ifaçısı P.İ.Çaykovski adına XVI Beynəlxalq Müsabiqənin birincisi Sergey Doqadin çıxış edəcək.

Proqramda Üzeyir Hacıbəylinin "Koroğlu” operasından Uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün Konserti və görkəmli bəstəkar, Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə onun 6 saylı Simfoniyası səsləndiriləcək. Həmişə olduğu kimi, bu dəfə də festivalın proqramı zəngin olacaq.

Sentyabrın 30-dək davam edəcək builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.
 
Diasporpress.az