Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib
02 Sentyabr, 11:21   |    Baxış sayı: 28

Beynəlxalq Astronomiya İttifaqı qlobal layihəyə start verib

Bu il Beynəlxalq Astronomiya İttifaqı (BAİ) 100 illiyini qeyd edir. Bu münasibətlə BAİ ölkələrə ulduzlara ad vermək imkanı yaradıb. Belə ki, "BAİ100 ekzoplanetləri adlandır” qlobal layihəsinin iştirakçı ölkələri onlar üçün təyin edilmiş bir ekzoplanet və onun əsas ulduzuna ad verə biləcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Diasporpress.az-a bildirilib ki, layihəyə qoşulan 100-ə yaxın ölkə arasında Azərbaycan da yer alıb.

Milli müsabiqələr 2019-cu ilin iyun-noyabr aylarını əhatə edir və "BAİ100 ekzoplanetləri adlandır” İdarə Heyətinin yekun qiymətləndirməsindən sonra nəticələr dekabr ayında açıqlanacaq.

Bu müsabiqədə hər kəs iştirak edə bilər və ümumi qaydalara uyğun olmaq şərtilə, istədiyi iki adı (ulduz və planet üçün) təklif edə bilər. Bunun üçün hiperlinkdən istifadə edərək, təklif formasını doldurmaq kifayətdir.

Beynəlxalq Astronomiya İttifaqı səmavi cisimlərin adlarının təyin edilməsi üçün məsul orqandır. BAİ beynəlxalq əməkdaşlığın 100 illiyini qeyd edərkən, qlobal özünəməxsusluğun əhəmiyyətinə diqqət çəkmək məqsədilə bu layihə sayəsində insanların qardaşlaşmasına töhfə vermək istəyir.

Xatırladaq ki, bu, tarixdə ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan verən ikinci müsabiqədir. Birinci müsabiqə 2015-ci ildə baş tutub və müsabiqə çərçivəsində 19 ekzoplanetə ad verilib.

Hər bir ölkəyə adlandırması üçün həmin ölkədən görünən və kiçik teleskoplarla belə müşahidə edilə biləcək qədər parlaq ulduz təyin edilib. Azərbaycan üçün "Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti ayrılıb. HD 152581b ekzoplaneti 2011-ci ildə kəşf edilmiş nəhəng qaz planetidir.

Müsabiqənin Azərbaycanda rəsmi təşkilatçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyidir.

Təşkilatçılar hər kəsi bu müsabiqədə iştiraka dəvət edir.
 
Diasporpress.az