BDU-da “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilir
29 Avqust, 11:04   |    Baxış sayı: 120

BDU-da “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçirilir

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin 100 illik yubileyinə həsr olunan "Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) keçirilir.

Diasporpress.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilmsi ilə başlanıb. Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev müasir dünyada elmin mühüm rolundan danışıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.

Rektor konfransın mövzusu ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini diqqətə çatdırıb.

Sonra konfrans barədə məlumat verilib. BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə reallaşdırılan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.

Beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.

Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun konfransın elmə töhfə verəcəyinə əminliyini vurğulayıb.

İtaliyanın Bari Aldo Maro Universitetinin professoru Françesko Altomare, Almaniyanın Bergakademie Freiberg Texniki Universitetinin professoru Volfqanq Sprössinq və Türkiyənin Qazi Universitetinin professoru Hilmi Hacıdsalihoğlu və digər alimlərin məruzələri dinlənilib.

Bölmə iclaslarında Bakı Dövlət Universiteti, Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro və Rumıniyanın Simion Stoilou Riyaziyyat İnstitutunun alimləri təqdimatla çıxış ediblər.

Cəbr, topologiya, riyazi analiz və diferensial tənliklər, statistika, tətbiqi riyaziyyat, riyazi təhsil, diskret riyaziyyat, informasiya təhlükəsizliyi, həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı elmi məruzə üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq.

Əsas işçi dili ingilis dili olan tədbir avqustun 30-da başa çatacaq.
 
Diasporpress.az