Azərbaycanda
26 İyul, 11:58   |    Baxış sayı: 123

Azərbaycanda "Lada" avtomobilləri bahalaşacaq

Avqustun 1-dən etibarən Azərbaycanda "Lada" avtomobillərinin qiyməti artırılacaq. 

Diasporpress.az xəbər verir ki, bu barədə Rusiyanın "AvtoVAZ" ASC-nin Azərbaycandakı baş idxalçısı və rəsmi distributoru olan "Xəzər-Lada" şirkətindən bildirilib.

"Rusiyanın avtomobil istehsalçısı avqustun 1-dən etibarən bütün avtomobil modellərinin qiymətini təxminən 1% artıracaq. "AvtoVAZ" bu barədə bütün diler və distributorlarını artıq xəbərdar edib. Qiymət artımı satışda olan bütün avtomobil modellərini əhatə edəcək", - deyə "Xəzər-Lada"dan bildirilib.

Qeyd edək ki, bu, cari il ərzində "AvtoVAZ"ın sayca üçüncü qiymət artımıdır. Belə ki, Rusiyada ƏDV-nin 2 faiz bəndi artırılması ilə əlaqədar bu ilin əvvəlindən şirkət bütün modellərin qiymətini orta hesabla 2,5-3% qaldırmışdı. Daha sonra, iyulun 1-dən etibarən "AvtoVAZ" şirkəti "Lada Vesta" və "Lada Granta" modellərinin ("Cross" versiyası istisna olmaqla) qiymətlərini təxminən 5 min rubl artırıb.

Xatırladaq ki, hazırda "Xəzər-Lada" Azərbaycandakı müştərilərinə "Lada Vesta" (20,2-23,5 min manat), "Lada Granta" (16,4-17,9 min manat), "Lada Xray" (22,2-23,6 min manat) və "Lada 4x4" (14,5-17,5 min manat) modellərini təklif edir.
 
Diasporpress.az