Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb
30 İyul, 11:08   |    Baxış sayı: 140

Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb

Azərbaycanda ilk dəfə Ağcəbədi rayonunda "Adasa 16” adlı hibrid qarğıdalı toxumu istehsalına başlanılıb. 

Diasporpress.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. 

"Adasa 16” hibridini əldə etmək məqsədilə 3 hektar ərazidə valideyn xətlər (ana xətt ADK 455 və ata xətt Çukurova 96/25) əkilib.

Bu qarğıdalı hibridinin yarpaqları dik və genişdir. Dənləri sarı at dişi formasındadır. Yağ həcmi 4.59 faiz, protein həcmi 8.13 faiz, nişasta həcmi isə 61.11 faizdir. Sınaqlarda əldə olunan nəticələrə görə, 1 hektardan 12000-17360 kq məhsul almaq mümkündür. Yaşıl kütlə olaraq, birinci səpində bir hektardan 50-78 ton məhsuldarlıq əldə etmək mümkündür. Bu da heyvandarlıq sahəsində istifadə olunan lazımlı silos kütləsinin daha az hektar sahədən təmin olunmasına gətirib cıxaracaq.

"Adasa 16” hibridinin Azərbaycanda istehsalı məhsuldarlığın daha da artmasına səbəb olacaq, valyutanın xaricə çıxmasının qarşısını almaqla ölkə iqtisadiyyatına töfhə verəcək.

Qeyd edək ki, "Azera Toxumçuluq” MMC ölkədə ilk dəfə olaraq yerli hibrid qarğıdalı toxumu istehsal etmək məqsədi ilə 2018-ci ildə fəaliyyətə başlayıb. Türkiyə Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2016-cı ildə qeydiyyata alınmış "Adasa 16” qarğıdalı hibridinin müəllif hüquqları satın alınaraq Ağcəbədi rayonunda hibrid qarğıdalı toxumu istehsalına başlanılıb. 
 
Diasporpress.az