Azərbaycan Milli Elmlər Akademiyasında elmi lektoriya təşkil olunacaq
16 Avqust, 16:33   |    Baxış sayı: 63

Azərbaycan Milli Elmlər Akademiyasında elmi lektoriya təşkil olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi lektoriya təşkil olunacaq.

AMEA-dan Diasporpress.az-a bildirilib ki, lektoriyada təbiət, texnika, ictimai və humanitar elmlərin aktual problemlərinə və Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrin dinlənilməsi nəzərdə tutulur. Müasir şəraitdə müxtəlif elmi istiqamətlər üzrə peşəkar biliklərə malik yüksəkixtisaslı kadr hazırlığı bütün digər amillərlə yanaşı, elmi tədqiqat sahəsində ənənələrin davam etdirilməsi, nüfuzlu elmi məktəblərin qorunub saxlanılması və nəsillər arasında elmi varisliyin təmin edilməsindən bilavasitə asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, gənc nəsildə tədqiqat vərdişlərinin formalaşdırılmasında, mühüm elmi və innovativ nəticələrin əldə edilməsində müasir elmi yeniliklərin mənimsənilməsi ilə yanaşı, elmi varisliyin qorunub saxlanılması da mühüm rol oynayır.

AMEA-da da elmi məktəblərin qorunub saxlanılması, elmi nəsillər arasında uğurlu kommunikasiyanın təmin edilməsi elmin inkişafı baxımından həyata keçirilən kompleks tədbirlərin əsas istiqamətlərindəndir.

Bu gün elmi məktəb yaratmış alimlərlə gənclər arasında elmi kommunikasiyaların müasir standartlar səviyyəsində, müasir elmi-təşkilati texnologiyaların tətbiqi şərti ilə təşkili, ənənəvi elmi məktəblərin daha interaktiv üsullarla təbliği qarşıda duran əsas vəzifələrdəndir.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti akademiyada daimi fəaliyyət göstərən elmi lektoriyanın təşkili ilə bağlı qərar qəbul edib. Lektoriyada respublikanın xüsusi elmi məktəb yaratmış nüfuzlu alimlərinin, AMEA-nın, o cümlədən Rəyasət Heyəti üzvlərinin aktual elmi, elmi-təşkilati və innovativ məsələlərə, habelə Azərbaycanın elm tarixinə həsr olunmuş məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

Diasporpress.az