Axtarışda olan belçikalı silah alverçisi Portuqaliyada həbs olunub
26 Avqust, 16:29   |    Baxış sayı: 77

Axtarışda olan belçikalı silah alverçisi Portuqaliyada həbs olunub

Axtarışda olan belçikalı silah alverçisi Jak Monsenyor bu günlərdə Portuqaliyada həbs olunub.

Diasporpress.az Belçika KİV-lərinə istinadla xəbər verir ki, axtarışda olanların yaxalanması üzrə federal polis (FAST) uzun müddətdən sonra 66 yaşlı cinayətkarı tapa bilib. O, silah alverində iştirakına görə 2018-ci il oktyabrın 19-da Brüssel Apelyasiya Məhkəməsi tərəfindən 4 il həbs cəzasına və gəlirlərini gizlətdiyindən ötrü 1,2 milyon avro cəriməyə məhkum olunub. O vaxtdan Monsenyor beynəlxalq axtarışda olub.

FAST komandası Jak Monsenyoru addım-addım izləyib, onun bu yaxınlaradək fazendasının olduğu Fransanın cənubuna qədər gedib çıxıb. Lakin cinayətkar bu malikanəsini vaxtında sata bilib. Bildirilir ki, silah alverçisinin böyük at ilxısı da var. Ötən ay xəfiyyələr aşkar ediblər ki, Fransadakı bir atcılıq zavodu bu ölkədən Portuqaliyaya 9 bahalı at gətirib. Amma, Jak Monsenyor adlı sifarişçi atların dəyərinin 2,5 min avro məbləğində nəqliyyat xidmətləri üçün xərcini ödəməyib. Məhz bu məsələ ilə bağlı aldadılmış nəqliyyatçının şikayəti səbəbindən polis silah alverçisinin izinə düşüb və Portuqaliyanın cənub-şərqindəki qəsəbədə onu yaxalayıb.

İndi dələduz və silah alverçisi Portuqaliyada məhkəmənin qarşısına çıxarılacaq. Məhkəmə onun həbsi üçün Avropada çıxarılan orderə və Belçikanın Monsenyoru deportasiya etmək barədə müraciətinə baxacaq. (azərtac)
 
Diasporpress.az